IQNA

Quran surələri / 98

Qurana görə ən pis məxluqlar

11:12 - July 23, 2023
Xəbər sayı: 3494501
TEHRAN (IQNA) - Qurani-Kərim insanları və müxtəlif insan qruplarını davranış və fəaliyyətlərinə görə qiymətləndirir və bölür. Bölümlərin birində haqq sözlərə müqavimət göstərən bir qrup var. Bu insanların yeri oddur.

Qurani-Kərimin doxsan səkkizinci surəsi “Bəyyinə” adlanır. 8 ayədən ibarət bu surə Qurani-Kərimin 30-cu cüzündə yer alıb. Mədinə surələrindən biri olan “Bəyyinə” İslam Peyğəmbərinə (s) nazil olan 100-cü surədir.

"Bəyyinə" bu surənin birinci və dördüncü ayələrində qeyd olunan “aydın dəlil” deməkdir.

Əllamə Təbatəbai ümumbəşəri hidayət ilahi qanununa əsaslanaraq, Peyğəmbərin (s) peyğəmbərliyinin ümumiliyini surənin məqsədi hesab edir. O, həm də ixlasla ibadət etməyi və Peyğəmbərin (s) dəvət etdiyi ilahi əmrlərə inanmağı insan cəmiyyətinin mənafeyini qoruyan həmin din hesab edib.

“Bəyyinə” surəsi İslamın və Peyğəmbərin (s) peyğəmbərliyinin düzgünlüyünü qəbul etməkdə kitab əhlinin düşmənçiliyini, inadkarlığını təsvir edir. Onları və müşrikləri cəzası od olan ən pis məxluqlar hesab edir. Digər tərəfdən, möminlərə və yaxşı insanlara əbədi cənnətə daxil olmaqdan xəbər verir.

“Bəyyinə” surəsi İslam Peyğəmbərinin (s) qlobal missiyasına işarə edir və bunu aydın dəlil və əlamətlərlə nəzərdən keçirir. Bu surə iki fiqhi məsələni, yəni namazın və zəkatın vacibliyini bəyan etmişdir.

Kitab əhli və İslamdan əvvəlki bütpərəstlər açıq-aydın bir dəlil və Allah tərəfindən möhkəm və güclü mövzu və məzmunlu pak kitabları oxuya bilən bir peyğəmbər gəlməyincə dinlərini tərk etməyəcəklərini iddia edirdilər. Amma İslamın zühurundan və Allah Rəsulunun (s) zühurundan sonra aralarında ixtilaf yarandı. Sözlərindən dönərək az bir qismi istisna olmaqla, qarşıdurma və döyüşə qalxdılar, halbuki İslam dini insanlara bütün ilahi dinlərin sabit əsasları olan Allaha ixlasla ibadət etməyi, şirkdən çəkinməyi, namaz qılmağı və zəkat verməyi əmr etmişdir.

Həmçinin bu surədə iki qrup kafir və möminlərin aqibətləri və mükafatlarından bəhs edilir. Kafirlərin məxluqların ən pisi və onların daimi yerinin od olduğu bildirilir. Onların əksinə, möminlərin ən yaxşı məxluq və onların mükafatının əbədi cənnət olduğu bildirilir. Həm Allah onlardan razıdır, həm də onlar Allahdan razıdırlar.

captcha