IQNA

Əxbari alimləri ilə tanışlıq -3

Əllamə Məhəmmədtəqi Məclisi (1003 – 1070 hq)

1:49 - February 21, 2016
Xəbər sayı: 3480206
Tehran, 21.02.2016 - Hüzur dövründən sonra (İmam Həzrət İmam Həsən Əskərinin 260-cı hq. ilində vəfatından sonra) şiələr dini hökmlərini və İslam maarifini hədis alimlərindən öyrənirdilər...

İQNA - (Beynəlxalq Quran Xəbər Agentliyi): Hüzur dövründən sonra (yəni 11-ci məsum İmam Həzrət İmam Həsən Əskərinin 260-cı hq. ilində vəfatından sonra) şiələr dini hökmlərini və İslam maarifini hədis alimlərindən öyrənirdilər. Buna görə də hədis raviləri və mühəddislər çoxlu hədis kitabları yazdılar. Bunun kənarında üsul elmi və ictihad da inkişaf edirdi. Bu məsələ Səfəvilər dövrünə qədər bu minvalla irəli gedirdi. Səfəvilər zamanında şiələr arasında hədisə meyilli olan alimlər tapıldılar ki, onlar üsul elmini və ictihadı qəbul etmir, filosof və müctəhidləri tənqid edirdilər... Şiə aləmində bu alimlərə "əxbarilər” deyildi. Əxbarilər ciddi nöqsanları ilə birgə bir sıra müsbət işlər də gördülər ki, bunlardan biri də itib-batmaqda olan hədis ədəbiyyatını nüsxələyərək və bir yerə toplayaraq yenidən həyata qaytarmaqları idi… 

Biz bir sıra silsilə yazılarımıza sizləri "əxbari” alimlərimiz ilə tanış edəcəyik. Bundan məqsədimiz budur ki, əxbarilərin kitablarını oxuyarkən çox diqqətli olmaq lazımdır ki, zəif hədislərə də əməl etmiş olmayaq, həmçinin unutmayaq ki, onlar saleh və fəzilətli insanlar olmuşlar və şiə məzhəbi üçün çəkdikləri zəhmətlər əvəzsizdir və bir-neçə mənfi hala görə onları təhqir etməməliyik…

Əllamə Məhəmmədtəqi Məclisi (1003 – 1070 hq)

"1-ci Məclisi” adı ilə məşhur olan Molla Məhəmmədtəqi ibn Məqsudəli hicri-qəməri tarixi ilə 11-ci əsrin əvvəlində İsfahanda anadan olmuşdur. İsfahanda dini elmləri öyrənmiş və bu şəhərdə də dünyadan köçmüşdür.

Dini elmləri öyrənməyi Molla Abdullah Şüştəri (1021 hq) və Şeyx Bəhai (1030 hq) kimi böyük alimlərində hüzurunda başladı. Sonra Nəcəf-Əşrəf şəhərinə getdi. Burada böyük alim və mühəddislərdən elm öyrəndi. İmam Əlinin (ə) hüzurunda nəfsini pakladı, 40 dəfə Həcc ziyarətinə piyada getdi və o qədər "riyazət” ilə məşğul oldu ki, hətta bəziləri onun sufiləşdiyini də dedilər. Əlbəttə bu ehtimal və gümandan başqa bir şey deyildi. Çünki həm onun əsərlərində sufilik gözə dəymir və həm də müasirlərinin çoxu Əllamənin sufi olmadığına şəhadət vermişlər. Həmçinin oğlu Əllamə Məclisi (2-ci Məclisi) atasının bəzi sufilər ilə dostluq etdiyini demişdir və bu isə həmin dostları sufilikdən çıxardıb Əhl-beyt (ə) yoluna qaytarmaq hədəfi ilə olmuşdur.

Əllamə Məhəmmədtəqi Məclisi (1-ci Məclisi) əxbariliyi və hədisçiliyi yayan ilk alimlərdən biridir. Əlbəttə alimlər onu bu cərəyanda mötədil və orta həddi tutan bir hədisçi hesab edirlər. O, Molla Məhəmməd Əmin Əstərabadinin əxbari fikirlərini təsdiq etsə də bəzən tənqid də etmişdir. Məsələn o, Əstərabadinin əskinə olaraq "vahid xəbər”i mütləq şəkildə səhih bilməmiş, bəlkə Şeyx Tusi (vf. 460 hq) kimi "səhihlik və doğruluq əlamətlərinə bürünmüş vahid xəbər”i səhih saymışdır.

Əllamə Məhəmmədtəqi Məclisi Şeyx Səduqun (fv. 381 hq) "Mən La Yəhzuruhul-Fəqih” kitabına yazdığı farsca şərhdə əxbariliyin yaranması və yayılması səbəblərinə işarə edərək Molla Məhəmməd Əstərabadin tutduğu yolu tərifləyərək yazır: "... Şiə alimlər arasında ixtilaflar çoxaldı, hər kəs Quran və Hədisdən özü dərk etdiyinə əməl edir (və onun əsasında hökm verir) və digərləri də onlara (müctəhidlərə) təqlid edirdilər. Bu məsələ 30 il bundan əvvələ qədər davam etdi və 30 il öncə məharətli alim, fəzilətli insan Mövlana Məhəmməd Əmin Əstərabadi məsum imamlarımızın hədislərini mütaliə etdi, fərqli və məzəmmət olunmuş fikirləri (fiqhdə işlənən əqli qaydaları) araşdırdıqdan sonra doğru yolun məsum imamlarımızın (s) hədislərinə əməl etmək olduğunu dərk etdi. Bu yolu yaymaq üçün Hicazda "Fəvaid əl-Mədəniyyə” kitabını yazdı və bizim diyara (İran) göndərdi. Nəcəf və Kərbəla alimləri onun yolunu bəyəndilər, onlar da hədisə qayıtdılar. Və həqiqətən də Mövlana Məhəmməd Əmin Əstərabadinin "dediklərinin çoxu” haqq sözdür”.

Sonra Əllamə Məhəmmədtəqi sözünün davamında özünün bu yolda (əxbarilik) orta bir hədd seçdiyini qeyd edir və qısa bir izah ilə "ictihad” və "təlid” məsələsini də bir hədd qəbul etdiyini vurğulayır. Müctəhid üçün "hədis”i, "hədis elmləri”ni və və Əhl-Beytin (ə) şəriət hökmlərini bəyan etmə qaydalarına arif olmağını vacib sayır, müctəhidin ədalətli və zahid (tərki-dünya) olmağını təqlid üçün şərt bilir. Belə olan halda isə müctəhidin sözünə əməl etməyi həqiqətdə Allah, Peyğəmbər və İmamların sözünə əməl etmək kimi dəyərləndirir.

Əllamə Məhəmmədtəqi Məclisinin şagirdləri:

1). Əllamə Məhəmmədbaqir Məclisi (oğlu)

2). Ağa Camal Xansari

3). Ağa Hüseyn Xansari

4). Məhəmməd Sadiq Kərbasi

5). Seyid Əbdül-Hüseyn Xatunabadi

6). Seyid Nemətullah Cəzairi

Əllamə Məhəmmədtəqi Məclisinin əsərləri:

1). "Rövzətul-Müttəqin” – "Mən la yəhzurul-fəqih” kitabının ərəbcə şərhi, 14 cild.

2). "Ləvamiu Qüdsiyyə” (Ləvamiu Sahib Qərani) - Şeyx Səduqun (fv. 381 hq) "Mən La Yəhzuruhul-Fəqih” kitabına yazdığı farsca şərh. Bu kitabı 2-ci Şah Abbas Səfəvinin sifarişi ilə yazmışdır. Şah Abbasın ləqəbi "sahib qəran” olduğu üçün bu kitabı da "Ləvamiu Sahib Qərani” adlandırmışdır. – ("Əz-Zəriə”, 18/368, n: 497 və 500; "Təbəqatu ə`lamuş-şiə”, 5/101);

3). "Hədiqətul-Müttəqin” – öz müqəllidləri üçün fars dilində yazdığı risalə.

4). "Cameətul-Kəbirə” ziyarətnaməsinin farsca şərhi.

Hazırladı: Mirməhəmməd Bəşir
captcha